15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar “HOREX Caucasus 2019” sərgisi keçiriləcək. Cənubi Qafqaz və Xəzəryanı regionda qonaqpərvərlik sənayesinin ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisində aparıcı yerli və xarici istehsalçıların məhsul və xidmətləri ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq və ən son sənaye yeniliklərinin mərkəzində olmaq fürsəti yaradılacaq. 

Sərgidə Azərbaycan, Ukrayna, Rusiya, Belarus və bir sıra digər ölkələri təmsil edən iştirakçılar qarşılıqlı faydalı sövdələşmələr imzalamaq üçün həm distribyutorlar, həm də istehsalçılar ilə görüşəcək və mətbəx və super-marketlər üçün peşəkar avadanlıqlar, qənnadı və un məmulatları avadanlıqları, peşəkar ticarət avadanlıqları, hava təmizləyici, təmizləmə və soyuducu avadanlıqlar, mebellər və s. bu kimi məhsullarını nümayiş etdirəcəklər.

Sərgi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcəkdir. Sərginin təşkilatçıları qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

Bu il sərgi əlavə tədbirlər ilə zəngin olacaq, belə ki, “HOREX 2019” sərgisi çərçivəsində ikitərəfli işgüzar görüşlərin (“B2B”) keçirilməsi planlaşdırılır və bu görüşlər zamanı həm yerli, həm də xarici şirkətlərin nümayəndələri bir-birləri ilə üzbəüz görüşlər keçirə və əməkdaşlıq yollarını ətraflı şəkildə müzakirə edərək satışların miqyasını daha da genişləndirə biləcəklər.

Həmçinin sərgi çərçivəsində ilk dəfə olaraq “Yeniliklər vitrini” təşkil ediləcək. İştirakçılar  öz məhsullarını vitrində nümayiş etdirməklə, diqqəti yeni məhsullara cəlb etmək və bu məhsulların xüsusiyyətləri haqqında məlumat vermək üçün unikal imkan əldə edəcəklər.

Sərginin keçiriləcəyi günlərdə Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatı və chefs.az portalının təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar Çempionatı keçiriləcək. Müsabiqədə şəhərimizin ən nüfuzlu otel və restoranlarının aparıcı aşpazları iştirak edəcək və öz yüksək səviyyəli peşəkarlıqlarını, eləcə də istedad və heyrətamiz kulinariya bacarıqlarını nümayiş etdirəcəklər.

Təşkilatçılar marketinq araşdırması apararaq və eksponentlərin istəyini nəzərə alaraq Qafqaz Beynəlxalq Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar “HOREX Caucasus 2019” sərgisini cari ilin may ayında - qida və qablaşdırma sənayesi üzrə sərgilər ilə paralel keçirmək barədə qərar qəbul ediblər ki, bu da səmərəli əməkdaşlığa yeni təkan verəcək və eksponentlər üçün yeni imkanlar yaradacaqdır.

Beləliklə, bu sahədə regionun yeganə tədbiri olan “HOREX Caucasus” ölkəmizin mehmanxana- restoran biznesini təmsil edən əsas şəxsləri, eləcə də bu sahənin xarici mütəxəssislərini bir araya gətirəcək və artıq mövcud olan möhkəm işgüzar əlaqələrin gücləndirilməsi üçün əlverişli zəmin yaratmaqla yanaşı, yeni əlaqələrin qurulması üçün də lazımı şərait yaradacaqdır.